Kataraktanın müalicəsi cərrahidir. Damcı və ya həblə bulanmış linza yenidən şəffaflaşmır. Bulanmış linza əməliyyatla çıxarılır və yerinə süni göz içi linzası (İOL) qoyulur.
Əməliyyat hansı üsulla aparılır?
Kataraktanı fakoemulsifikasiya üsulu ilə əməliyyat edirəm. Bu üsulda linza kiçik kəsikdən ultrasəs enerjisi ilə xırdalanıb çıxarılır. Xalq arasında buna çox vaxt “lazerlə əməliyyat” deyirlər. Əslində əsas işi ultrasəs görür, amma bu ad xəstələr arasında qalıb.
Əməliyyat ağrılı olurmu?
Əməliyyat lokal anesteziya ilə aparılır. Göz keyidilir, xəstəyə ümumi narkoz verilmir. Əməliyyatdan əvvəl göz tam müayinə olunur və qoyulacaq linzanın gücü ölçülür.
Linza xəstəyə görə seçilir. Torik, multifokal və trifokal linzalar da var. Ağıllı linzalar haqqında ayrıca yazmışam.
Nə vaxt əməliyyat etmək lazımdır?
Hər katarakta dərhal əməliyyat tələb etmir. Görmə gündəlik işlərə, məsələn oxumağa, maşın sürməyə mane olmağa başlayanda əməliyyat barədə danışırıq.
Amma çox gözləmək də olmaz. Gecikmiş, ifrat yetişmiş katarakta göz təzyiqini qaldıra bilər. Belə hallarda əməliyyat texniki baxımdan daha çətin olur.
Əməliyyat günü yanınızda müşayiətçi olsun, həmin gün maşın sürmək olmaz. Əməliyyatdan sonra görmə adətən tədricən aydınlaşır, ilk günlərdə yüngül bulanıqlıq normaldır. Sonradan eynək lazım olub-olmayacağı seçilən linzadan asılıdır.
Əməliyyatdan sonra gözü ovuşdurmamaq, su vurmamaq, təyinatlara əməl etmək vacibdir. Bu qaydaları da ayrıca yazıda topladım.
Görməniz azalırsa, müayinəyə gəlin. Gec qalmayın.
Əlaqəli xidmətKataraktaBulanmış büllurun mikrokəsikdən alınıb yerinə süni linza qoyulması, sonradan bulanan kapsulda YAG lazer.



