Kataraktanı illərlə gözləmək təhlükəsiz deyil. Katarakta yetişdikcə görmə azalır, gecikmiş katarakta isə göz təzyiqini qaldıra bilər.
Yetişmiş katarakta nədir?
Katarakta mərhələlərlə irəliləyir və başlanğıc, yetişməmiş, yetişmiş, ifrat yetişmiş mərhələlərdən keçir. Yetişmiş və ifrat yetişmiş mərhələdə xəstə çox vaxt yalnız əl hərəkətini və ya işığı hiss edir. Linza tam ağarır və göz bəbəyində ağ ləkə kimi görünə bilər.
Belə xəstə gündəlik işlərini görməkdə çətinlik çəkir. Yaşlı insan üçün bu, yıxılmaq və başqalarından asılı qalmaq deməkdir.
Göz təzyiqi niyə qalxır?
İfrat yetişmiş linza şişə bilər və ya onun zülalları gözün içinə sıza bilər. Bu, gözdən mayenin axmasını çətinləşdirir və təzyiq yüksəlir. Yüksək təzyiq görmə sinirinə ziyan vurur, sinirə dəyən ziyan isə geri qayıtmır.
Uzun müddət gözlənildikdə linza bərkiyir, onu saxlayan bağlar zəifləyir. Bu da əməliyyat zamanı əlavə çətinliklər yaradır.
Praktikada bu necə olur?
Praktikamda ifrat yetişmiş katarakta ilə yanaşı göz təzyiqi də yüksək olan xəstə ilə rastlaşmışam. Belə hallarda müalicə daha mürəkkəb olur, çünki həm kataraktanı, həm də təzyiqi nəzərə almaq lazımdır. Vaxtında edilən əməliyyat isə bu problemlərin qarşısını ala bilər.
Hər katarakta dərhal əməliyyat tələb etmir. Amma “hələ tezdir” deyib illərlə gözləmək də doğru deyil. Görməniz azalırsa, müayinəyə gəlin. Gec qalmayın.
Əlaqəli xidmətKataraktaBulanmış büllurun mikrokəsikdən alınıb yerinə süni linza qoyulması, sonradan bulanan kapsulda YAG lazer.



