Retina və şəkərli diabetgözdibi xəstəlikləri

Retina gözün arxa divarını örtən və işığı sinir siqnalına çevirən nazik qatdır. Şəkərli diabet, yüksək qan təzyiqi və damar tıxanmaları ilk növbədə onu zədələyir. Bu dəyişikliklərin çoxu başlanğıcda görməyə toxunmur və yalnız gözdibi müayinəsində görünür.

Diabetik retinopatiya: fundus kamera ilə göz dibinin görüntüsü

Diabet gözə necə təsir edir?

Göz diabetin hədəf orqanlarındandır. Uzun müddət yüksək qalan qan şəkəri retinanın kiçik damarlarının divarını zədələyir: damarlar sızdırır, nöqtəvi qansızmalar yaranır, sonra isə yeni, kövrək damarlar əmələ gəlir. Diabet gözdə bir neçə problemə səbəb ola bilər:

  • Diabetik retinopatiya
  • Makula ödemi
  • Kataraktanın erkən yaranması
  • Qlaukoma
  • Görmə sinirinin iltihabı (papillit)

Müalicə multidissiplinardır: oftalmoloq endokrinoloq və terapevtlə birlikdə işləyir. Qan şəkərinin, arterial təzyiqin və xolesterinin nəzarətdə olması göz müalicəsinin təməlidir. Yüksək qan təzyiqi də retina damarlarında dəyişikliklərə, yəni hipertenziv retinopatiyaya səbəb olur.

Makula ödemi

Makula retinanın mərkəzi hissəsidir: oxumaq, üzləri tanımaq, incə işlər görmək onun sayəsində mümkündür. Diabetdə sızan damarlardan makulaya maye yığılır. Nəticədə mərkəzi görmə bulanır, düz xətlər əyri görünür, oxumaq çətinləşir. Makula ödeminin əsas müalicəsi gözdaxili inyeksiyalardır.

Əlamətlər

  • Erkən mərhələdə əlamətsiz gediş
  • Bulanıq görmə
  • Düz xətlərin əyri görünməsi
  • Göz önündə ləkələr

Müalicə

  • PRP (arqon) lazer fotokoaqulyasiya
  • Anti-VEGF intravitreal inyeksiyaları
  • Steroid implantı

Retina qopmasının xəbərdarlıq əlamətləri

İşıq çaxmaları, göz önündə uçan cisimlərin qəfil çoxalması və ya görmə sahəsinin bir hissəsinə pərdə enməsi retina qopmasının əlaməti ola bilər. Belə halda gün keçirmədən müayinə olunun.

Retina qopması, makulyar dəlik kimi vitreoretinal cərrahiyyə (vitrektomiya) tələb edən hallarda diaqnoz qoyulur və lazım olduqda xəstə bu sahə üzrə mütəxəssisə yönləndirilir.

Suallar

PRP lazeri zamanı ağrı olurmu?

Göz anestezik damcı ilə keyidilir. Bəzi nöqtələrdə yüngül sancı və ya narahatlıq hiss oluna bilər. Seansdan sonra xəstə həmin gün evə qayıdır.

Qan şəkəri dəyişəndə görmə də dəyişə bilərmi?

Bəli. Şəkər kəskin qalxıb-enəndə büllurun su balansı dəyişir və görmə müvəqqəti bulana bilər. Ona görə qan şəkəri sabitləşməmiş yeni eynək almaq tövsiyə olunmur.

Makula ödemi müalicə olunmasa nə olar?

Uzun müddət davam edən ödem makulanın hüceyrələrinə qalıcı zərər verir və mərkəzi görmə geri dönməz şəkildə zəifləyə bilər. Müalicəyə nə qədər tez başlansa, görməni qorumaq şansı bir o qədər yüksəkdir.