Tez-tez verilən suallar
Qəbula gəlməzdən əvvəl ən çox soruşulanlar.
Dr. Taryel Rüstəmov hansı əməliyyat və prosedurları icra edir?
Katarakta əməliyyatı (fakoemulsifikasiya), multifokal, trifokal və torik linzaların implantasiyası, ikincili kataraktada Nd:YAG lazer, qlaukomada SLT, ALT və lazer iridotomiya, diabetik retinopatiyada PRP (arqon) lazer, gözdaxili inyeksiyalar (Avastin, Eylea, Lucentis, Ozurdex), pterigium əməliyyatı (greft və flap rotasiyası), xalazion, ptoz və blefaroplastika, dakriosistorinostomiya, punktoplastika və nazolakrimal probing, horizontal çəpgözlük əməliyyatı, gözdən yad cismin çıxarılması, ekzimer lazer və fakik linza.
Əməliyyat zamanı yatırdılırmı?
Böyüklərdə adətən yox. Göz anestezik damcılarla və ya yerli iynə ilə keyidilir, xəstə ayıq olur, lakin ağrı hiss etmir. Uşaqlarda və bəzi xüsusi hallarda ümumi narkoz tətbiq olunur.
Qlaukoma tam sağalırmı?
Xeyr, qlaukoma ömürlük nəzarət tələb edən xəstəlikdir. Zədələnmiş sinir lifləri bərpa olunmur, ona görə erkən diaqnoz qalan görməni qorumağın əsas yoludur. Düzgün müalicə və müntəzəm kontrol xəstəliyin irəliləməsini ləngidir.
PRP lazeri zamanı ağrı olurmu?
Göz anestezik damcı ilə keyidilir. Bəzi nöqtələrdə yüngül sancı və ya narahatlıq hiss oluna bilər. Seansdan sonra xəstə həmin gün evə qayıdır.
İnyeksiyadan sonra gözün ağında qırmızı ləkə yarandı. Təhlükəlidirmi?
Bu, çox vaxt iynə yerində selikli qişanın altındakı kiçik qansızmadır və adətən bir-iki həftəyə sorulur. Ağrı və görmə azalması ilə müşayiət olunmursa, narahatlığa səbəb yoxdur.
Pterigium əməliyyatdan sonra qayıda bilərmi?
Bəli, təkrarlanma ehtimalı var, xüsusən gənc yaşda və günəşli mühitdə işləyənlərdə. Əməliyyatdan sonra UV filtrli gün eynəyi taxmaq, damcıları tam kurs istifadə etmək və kontrola gəlmək bu ehtimalı azaldır.
Xalazionu sıxıb çıxarmaq olarmı?
Xeyr. Xalazionun içində irin yox, qatı yağlı ifrazat olur. Sıxmaq iltihabı ətraf toxumaya yayır və infeksiyaya yol aça bilər. Evdə edilə biləcək ən doğru şey isti kompresdir.
Gözümdə nəsə var kimi hiss edirəm, amma heç nə görünmür. Nə etməli?
Səbəb buynuz qişada cızıq, içə dönmüş kirpik və ya yuxarı qapağın altında qalmış hissəcik ola bilər. Qapağın altını həkim çevirib yoxlayır. Hiss bir neçə saata keçmirsə, müayinə olunun.
Körpənin gözünə ana südü damızdırmaq olarmı?
Xeyr. Ana südü steril deyil və gözdəki infeksiyanı ağırlaşdıra bilər. Damcı lazımdırsa, onu həkim təyin edir.
Eynək taxmaq gözü eynəyə «bağlı» edirmi?
Xeyr. Eynək nömrəsi gözün quruluşundan asılıdır və eynək onu artırmır. Uşaq aydın görməyə başlayanda çox vaxt eynəyi özü istəyir. Uşaq böyüdükcə nömrə dəyişə bildiyi üçün kontrol müayinələrini buraxmayın.