Katarakta əməliyyatından sonra görmə yaxşı idi, amma zamanla yenə dumanlanma başladı? Bu, çox vaxt ikincili kataraktadır.
İkincili katarakta nədir?
İkincili katarakta arxa kapsulun kəsafətləşməsidir. Əməliyyat zamanı süni linza gözün öz kapsulunun içinə qoyulur. Zamanla bu kapsulun arxa divarı bulanıqlaşa bilər. Yəni katarakta geri qayıtmır, linzanın arxasındakı nazik pərdə bulanır.
Əlamətlər əvvəlki kataraktaya bənzəyir, görmə yenidən dumanlanır, işıq qamaşdırır.
Necə müalicə olunur?
Müalicə Nd:YAG lazerlədir. Prosedur ağrısızdır və bir neçə dəqiqə çəkir. Lazer bulanmış kapsulda kiçik pəncərə açır və işıq yenidən retinaya çatır. Kəsik və tikiş olmur.
Lazer oturaq vəziyyətdə, xüsusi cihazın qarşısında aparılır.
Lazerdən əvvəl nə yoxlanılır?
Lazerdən əvvəl göz təzyiqi ölçülür və retina qiymətləndirilir. Çünki görmənin azalmasının səbəbi təkcə kapsul olmaya bilər. Retinada başqa problem varsa, əvvəlcə onu bilmək lazımdır.
Lazerdən sonra nə gözləmək lazımdır?
Lazerdən sonra görmə adətən tez aydınlaşır. Bir müddət gözün önündə kiçik üzən ləkələr görmək olar, bu çox vaxt keçib gedir. Lazerdən sonra göz təzyiqini yenidən ölçürük və lazım olsa, qısa müddətə damcı təyin edirik. Kapsul bir dəfə lazerlə açıldıqdan sonra ikincili katarakta adətən təkrarlanmır.
Əməliyyatdan sonra görmə yenidən pisləşibsə, “əməliyyat alınmadı” deyə narahat olmayın. Müayinəyə gəlin, səbəbini birlikdə tapaq. Gec qalmayın.
Əlaqəli xidmətKataraktaBulanmış büllurun mikrokəsikdən alınıb yerinə süni linza qoyulması, sonradan bulanan kapsulda YAG lazer.



