Katarakta gözün təbii linzasının bulanmasıdır. Geri dönə bilən korluğun əsas səbəbi məhz kataraktadır. Yəni vaxtında müalicə olunarsa, itirilmiş görmə geri qaytarıla bilər.
Katarakta niyə yaranır?
Ən çox rast gəlinən səbəb yaşlanmadır. Amma tək səbəb deyil.
Səbəblər bunlardır:
- yaşlanma
- göz travması
- diabet
- digər sistem xəstəlikləri
- bəzi dərmanlar
Hansı əlamətlərə diqqət etməli?
Katarakta adətən yavaş-yavaş irəliləyir. Ona görə insan dəyişikliyi çox vaxt gec hiss edir. Bu əlamətlər sizdə varsa, müayinədən keçin:
- görmə tədricən azalır
- işığa həssaslıq artır
- kitab, qəzet oxumaq çətinləşir
- eynək nömrəsi tez-tez dəyişir
- rənglər solğun görünür
- gecə qarşıdan gələn maşının işığı gözü qamaşdırır
Bəzi xəstələrdə yaxını görmək daha çox pozulur. Kimisi isə bir müddət yaxını eynəksiz daha yaxşı görməyə başladığını deyir, bu da linzanın dəyişməsi ilə bağlıdır.
Katarakta irəlilədikcə nə baş verir?
Katarakta yetişdikcə görmə daha da azalır. Yetişmiş və ifrat yetişmiş mərhələdə xəstə bəzən yalnız əl hərəkətini və ya işığı hiss edir. Gecikmiş katarakta göz təzyiqini də qaldıra bilər.
Müayinədə nə yoxlanılır?
Kataraktanı göz bəbəyini genişləndirən damcıdan sonra biomikroskopla görmək olur. Müayinədə görmə kəskinliyi, göz təzyiqi və gözdibi də yoxlanılır, çünki görmənin azalmasının başqa səbəbi də ola bilər. Diabeti olanlarda katarakta daha erkən yaşda yarana bilər.
Hər katarakta dərhal əməliyyat tələb etmir. Qərarı müayinədən sonra birlikdə veririk. Amma şikayət varsa, gec qalmayın. Gözləriniz bizə əmanətdir.
Əlaqəli xidmətKataraktaBulanmış büllurun mikrokəsikdən alınıb yerinə süni linza qoyulması, sonradan bulanan kapsulda YAG lazer.



