Katarakta təkcə yaşlıların xəstəliyi deyil. Uşaqlarda, hətta körpələrdə də katarakta olur. Buna pediatrik və ya anadangəlmə katarakta deyilir.
Uşaqda katarakta nə ilə fərqlənir?
Uşağın görməsi ilk illərdə inkişaf edir. Bu dövrdə göz aydın görüntü almazsa, beyin həmin gözlə görməyi öyrənmir və göz tənbəlliyi yaranır. Ona görə uşaq kataraktasında vaxt böyüklərdəkindən də önəmlidir.
Pediatrik katarakta necə müalicə olunur?
Görməyə mane olan uşaq kataraktası cərrahi yolla müalicə olunur. Amma əməliyyatla müalicə bitmir. Uşağa eynək və ya linza, bəzən sağlam gözün örtülməsi təyin edilir ki, beyin həmin gözlə görməyi öyrənsin. Ona görə valideynin səbri və düzənli kontrol əməliyyatın özü qədər önəmlidir. Görməyə mane olmayan kiçik katarakta isə bəzən sadəcə müşahidə olunur.
Qohum evliliyi niyə vacibdir?
Praktikamda qohum evliliyindən doğulan uşaqda ikitərəfli katarakta ilə rastlaşmışam. Qohum evliliklərində irsi xəstəliklərin uşağa keçmə ehtimalı artır, anadangəlmə katarakta da bunlardan biridir.
Ailədə belə hal varsa, uşağı erkən müayinəyə gətirin. Şikayət gözləməyin.
Valideyn nəyə diqqət etməlidir?
Bu əlamətləri görsəniz, gözləməyin:
- göz bəbəyində ağ ləkə
- uşaq işığa, oyuncağa baxmır, onları izləmir
- gözlərdə çəpləşmə
- gözlərin qeyri-iradi titrəməsi
Uşaqları müəyyən yaşlarda göz kontroluna gətirin. Uşaq pis gördüyünü çox vaxt özü demir. Erkən aşkarlanan katarakta vaxtında müalicə olunur. Gec qalmayın.
Əlaqəli xidmətUşaq oftalmologiyasıVaxtından əvvəl doğulmuş körpələrdə ROP müayinəsi, çəpgözlük, göz tənbəlliyi və uşaq kataraktası.



