Göz əməliyyatından sonra əsas qayda sadədir. Gözü ovuşdurmayın və təyinatlara əməl edin. Əməliyyatın nəticəsi təkcə əməliyyat otağında deyil, sonrakı günlərdə də həll olunur.
Nə etmək olmaz?
- gözü ovuşdurmaq
- təyin olunmuş müddət ərzində gözə su vurmaq
- həmin müddətdə çimmək
- ağır iş görmək
Nədən qorunmalı?
- isti
- tüstü
- toz
- günəş
Çölə çıxanda gün eynəyi taxmaq gözü həm işıqdan, həm də tozdan qoruyur.
Yatarkən əməliyyat olunan gözün üstünə yatmayın. Bəzi əməliyyatlardan sonra gecələr gözə qoruyucu qapaq taxılır. Əyilmək və ağır qaldırmaqdan da həkimin dediyi müddətdə çəkinin. Göz ətrafına makiyajı həkim icazə verənə qədər istifadə etməyin. Hovuz və dənizdən də həmin müddətdə uzaq durun.
Damcıları necə istifadə etməli?
Təyin olunmuş damcıları vaxtında və həkimin dediyi müddətə qədər istifadə edin. Damcı damızdırmazdan əvvəl əllərinizi yuyun, şüşənin ucunu gözə toxundurmayın. Bir neçə damcı varsa, aralarında bir az fasilə verin. Kontrol müayinələrinə vaxtında gəlin.
Hər kontrolda gözün sağalmasına baxır və lazım olsa damcıların sayını dəyişirik.
Hansı hallarda dərhal həkimə müraciət etməli?
Ağrı güclənirsə, görmə qəfil azalırsa və ya qızartı artırsa, növbəti kontrolu gözləməyin. Belə hallarda dərhal zəng edin.
Qaydalar əməliyyatın növünə görə bir az fərqlənə bilər. Sizə yazılı və şifahi deyilən göstərişlər əsasdır. Gözləriniz bizə əmanətdir.



