Retina və diabet

Makulyar dəlik: mərkəzi görmə itkisi və əyri xətlər

Mərkəzi görmə itir, düz xətlər əyri görünür? Bu, makulyar dəlik ola bilər. Diaqnoz zərərsiz OCT müayinəsi ilə qoyulur.

Makulyar dəlik: göz dibinin fotosu

Makulyar dəlik retinanın mərkəzində, makulada yaranan dəlikdir. Əsas şikayət mərkəzi görmənin itməsidir. Makula oxumaq, üz tanımaq kimi incə işlərə cavabdeh olan sahədir.

Hansı əlamətlər olur?

  • mərkəzi görmə azalır və ya itir
  • düz xətlər əyri görünür (metamorfopsiya)

Kitab oxuyanda sətirlər dalğalı görünə, hərflər itə bilər. Kənar görmə adətən qalır, ona görə xəstə problemi bəzən yalnız bir gözünü bağlayanda fərq edir.

Diaqnoz necə qoyulur?

Diaqnoz OCT ilə qoyulur. OCT zərərsiz müayinədir. Dəliyin ölçüsünü və mərhələsini dəqiq göstərir.

Digər göz də risk altındadırmı?

Bəli. Makulyar dəlik olan xəstələrin təxminən 10%-ində digər gözdə də dəlik yarana bilər. Ona görə digər gözü də kontrolda saxlayırıq.

Makulyar dəliyin müalicəsi cərrahidir, vitrektomiya əməliyyatı aparılır. Əməliyyatın sonunda gözə qaz verilir və xəstə müəyyən müddət xüsusi baş vəziyyətində qalır. Qaz tamponadasından sonrakı qaydalar barədə ayrıca yazmışam.

Makulyar dəlik daha çox yaşlı insanlarda rast gəlinir. Bəzən yüksək miopiya və göz travmasından sonra da yaranır. Erkən mərhələdə əməliyyat olunan dəliklərdə nəticə adətən daha yaxşı olur.

Makulyar dəlik ağrı vermir və gözü qızartmır, ona görə xəstələr müraciəti çox vaxt gecikdirir.

Evdə sadə yoxlama edin, bir gözünüzü bağlayıb düz xəttə, məsələn qapının çərçivəsinə baxın. Xətt əyri görünürsə, müayinəni təxirə salmayın. Gec qalmayın.

Əlaqəli xidmətRetina və diabetDiabetik və hipertenziv retinopatiya, makula ödemi, venoz tromboz: OCT müayinəsi və lazer.
Dr. Taryel Rüstəmov

Oftalmoloq-cərrah. Bioqrafiya