Qlaukomaya xalq arasında “qara su” deyilir. Bu xəstəlik gizli gedir. Çox vaxt xəstə heç nə hiss etmir, görmə isə yavaş-yavaş itir.
Qlaukoma kimlərdə daha çox olur?
Əsas risk faktorları:
- yaş
- ailədə qlaukoma olması
- yüksək göz təzyiqi
Göz təzyiqi yeganə dəyişdirilə bilən risk faktorudur. Yaşı və ailəni dəyişə bilmərik, təzyiqi isə nəzarətdə saxlaya bilərik.
Açıq bucaqlı qlaukoma özünü necə göstərir?
Açıq bucaqlı qlaukomada şikayət gec yaranır. Əvvəlcə periferik, yəni yan görmə itir. Mərkəzi görmə uzun müddət qalır, ona görə insan bunu fərq etmir. Sonda tunel görmə yaranır, insan sanki boru içindən baxır.
Qlaukomadan itirilən görmə geri qaytarılmır, müalicə qalan görməni qorumağa yönəlir.
Qapalı bucaqlı qlaukoma isə kəskin tutma ilə gələ bilər. Bu barədə ayrıca yazmışam.
Nə etməli?
40 yaşdan sonra ildə 1 dəfə göz təzyiqinizi ölçdürün. Heç bir şikayətiniz olmasa belə. Ailənizdə qlaukoma varsa, bu daha da vacibdir.
Qlaukomanın müalicəsi damcı, lazer və ya əməliyyatla aparılır. Hansı yolun seçiləcəyi qlaukomanın növündən və mərhələsindən asılıdır.
Qlaukoma təşxisi qoyulubsa, müalicə ömürlük nəzarət deməkdir. Damcıları kəsmədən istifadə edin və kontrolları buraxmayın. Bəzi xəstələr damcıdan yorulur, amma bu damcılar qalan görmənizi qoruyur.
Gözünüzü vaxtında yoxlatdırın. Gec qalmayın.
Əlaqəli xidmətQlaukomaGöz təzyiqinin ölçülməsi, görmə sinirinin OCT ilə izlənməsi, damcı və lazer: SLT, ALT, iridotomiya.



