Qlaukoma

Göz təzyiqi: norması neçədir, nə vaxt ölçdürməli

Normal göz təzyiqi 11–21 mm civə sütunudur. 40 yaşdan sonra şikayət olmasa belə ildə bir dəfə ölçdürmək lazımdır.

Mikroskop altında göz əməliyyatı

Normal göz təzyiqi 11–21 mm civə sütunu arasındadır. Bu, qan təzyiqi ilə eyni şey deyil, söhbət gözün daxili təzyiqindən gedir.

Göz təzyiqi nədir?

Gözün içində daim yaranan və axıb gedən maye var. Bu mayenin yaranması ilə axması arasında tarazlıq pozulanda təzyiq qalxır. Yüksək göz təzyiqi qlaukomanın əsas risk faktorudur. Həm də yeganə dəyişdirilə bilən risk faktorudur.

Nə vaxt ölçdürməli?

40 yaşdan sonra ildə 1 dəfə göz təzyiqinizi ölçdürün. Heç bir şikayət olmasa belə. Yaş və ailədə qlaukoma olması riski artırır. Ailədə qlaukoma varsa, müayinəyə daha erkən başlamaq məsləhətdir.

Təkcə təzyiq kifayətdirmi?

Xeyr. Qlaukomanı qiymətləndirəndə görmə sinirinə də baxırıq. Bunun üçün RNFL, yəni sinir lifləri qatı qiymətləndirilir. Bu ölçmə OCT cihazında aparılır və ağrısızdır. Sinir liflərinin incəlməsi bəzən xəstə görmə itkisini hiss etməmişdən əvvəl görünür.

Təzyiq yüksəkdirsə, nə edilir?

Müalicə üç yolla aparılır:

  • damcılar
  • lazer (ALT, SLT, iridotomiya)
  • əməliyyat

Damcıları hər gün, həkimin dediyi qaydada istifadə etmək vacibdir. Təzyiq normaya düşəndə damcını özbaşına dayandırmayın.

Göz təzyiqi gün ərzində dəyişə bilər. Ona görə bəzən ölçməni müxtəlif vaxtlarda təkrarlayırıq. Bir dəfə normal çıxan rəqəm həmişə normal olacaq demək deyil.

Gözünüzü vaxtında yoxlatdırın. Gec qalmayın.

Əlaqəli xidmətQlaukomaGöz təzyiqinin ölçülməsi, görmə sinirinin OCT ilə izlənməsi, damcı və lazer: SLT, ALT, iridotomiya.
Dr. Taryel Rüstəmov

Oftalmoloq-cərrah. Bioqrafiya