Pterigium gözün ağ hissəsindən buynuz qişaya doğru böyüyən qanadabənzər pərdədir. Xalq arasında buna “göz əti” deyilir.
Pterigium niyə yaranır?
Əsas səbəblər:
- isti iqlim
- ultrabənövşəyi (UV) şüalar
- göz quruluğu
Ona görə günəşli bölgələrdə, açıq havada çox işləyən insanlarda daha çox rast gəlinir.
Pterigium çox vaxt gözün burun tərəfindən başlayır, bəzən hər iki gözdə olur.
Hansı şikayətlər olur?
Kiçik pterigium adətən heç bir əlamət vermir. İrəlilədikcə bunlar yaranır:
- qıcıqlanma
- batma hissi
- qızartı
- astiqmatizm
- görmə azalması
Necə müalicə olunur?
Pterigiumun müalicəsi cərrahidir. Damcılar qızartını və qıcıqlanmanı yüngülləşdirə bilər, amma pərdəni aradan qaldırmır. Əməliyyatda greft və flap rotasiyası üsullarından istifadə edirəm.
Əməliyyat lokal anesteziya ilə aparılır. Greft və flap üsullarında pterigium çıxarılan yer gözün öz sağlam toxuması ilə örtülür, bu da təkrarlanmanın qarşısını almağa xidmət edir. Əməliyyatdan sonra müəyyən müddət damcılar təyin olunur.
Pterigium əməliyyatdan sonra təkrarlana bilər. Tarzal flap rotasiyası üsulunda təkrarlanma ən az olur.
Nə vaxt əməliyyat etmək lazımdır?
Gecikmiş hallarda pterigium çıxarılsa da, buynuz qişada bulanma qalır. Ona görə pərdə göz bəbəyinə yaxınlaşmamış müayinədən keçmək daha doğrudur.
Gün eynəyi taxın. Xüsusən yayda, dənizdə və açıq havada uzun qalanda. Əməliyyatdan sonra da gözü günəşdən qorumaq təkrarlanma riskini azaltmağa kömək edir. Gec qalmayın.
Əlaqəli xidmətPterigiumGözün ağından buynuz qişaya uzanan qanadabənzər pərdənin greft və ya flap üsulu ilə çıxarılması.



